DÜNYA
Fransız seçicilər güzəranlarının yaxşılaşdırılmasını və ölkənin təhlükəsizliyinin təmin edilməsini gözləyirlər VİDEO
Paris, 10 aprel, AZƏRTAC
Fransada builki prezident seçkiləri əvvəlkilərdən fərqlənir. Əvvəllər seçkilərə namizədlər arasında ənənəvi debatlar təşkil olunurdu. Namizədlər proqramlarını təqdim edir və xalqa seçildikləri təqdirdə görəcəkləri işlərlə bağlı vədlər verirdilər. Ancaq bu il belə debatlar baş tutmadı. Bu isə seçicilər arasında, ümumiyyətlə, cəmiyyətdə çaşqınlıq yaradıb, insanların çoxu tərəddüd içindədir. Seçicilər namizədlərin konkret təkliflərlə çıxış etməməsindən narazıdırlar. Prezident seçkiləri ilə bağlı aparılan sosial sorğuların nəticələri də insanların namizədlərdən gözlədikləri vədləri eşitmədiklərini bildirir. Fransızları əsasən sosial, iqtisadi məsələlər, ölkənin yenidən sənayeləşməsi, yeni iş yerlərinin yaradılması, həyat tərzinin, alıcılıq qabiliyyətinin yüksəldilməsi, həmçinin Fransanın təhlükəsizliyi və ölkədə sülhün qarantı olması kimi məsələlər daha çox maraqlandırır.
Fransızlar bu il prezident seçkilərinə 12 namizədin proqramında fərq olmadığını bildirərək, istədikləri təklifləri eşitmədiklərini deyirlər. Namizədlərin proqramında yenilik olmadığından şikayətlənirlər.
AZƏRTAC-ın müxbiri Paris seçki məntəqəsində seçicilərlə görüşüb, onların fikirləri ilə maraqlanıb. Seçki məntəqəsinə gələn fransızlar prezident seçkilərinə namizədlərə onların proqramlarında olan meyarlara görə səs verdiklərini bildiriblər.
Paris sakini Lona: Fransa üçün daha etibarlı namizədə səs verdim. Kimə etibar edə bilərəm, ona səs verdim. Səs verdiyim namizəd həqiqətən də, etibarlıdır. O, fransızların qeydinə qalır.
Paris sakini Florans: Namizədlərin proqramlarını diqqətlə nəzərdən keçirdim. Hansı namizədin proqramının ekologiya ilə bağlı qənaətbəxş olduğunu öyrəndim. Ekologiya məsələsinə üstünlük verən namizədi seçməyi qərara aldım. Məhz ekologiya meyarına görə namizədimə səs verdim. Mənim üçün bu gün ekologiya məsələsi çox vacibdir. Mənim seçimimdə bu, ilk meyardır. Ekologiya dövrümüzün ən vacib məsələsidir.
Paris sakini Bernar: Məni daha çox sosial məsələlər, iqtisadiyyat, ölkənin inkişafı, Fransanın yenidən sənayeləşməsi, sosial birlik kimi məsələlər maraqlandırır. Bu meyarlara görə də səs verdim.
Paris sakini Valeri: Demokratik ölkədə səs vermək çox vacibdir. Bu gün dünyada baş verənlərin fonunda söz, ifadə azadlığını qoruyub saxlamaq baxımından səsvermə hüququ əsasdır. Fikirlərinin formalaşması üçün uşaqlarımızı da seçki məntəqələrinə gətiririk ki, onlar da ölkələrinin gələcəyini seçməyi öyrənsinlər. Fransanın gələcək prezidentindən ölkədə söz və ifadə azadlığını, eləcə də maksimum dərəcə də ölkənin təhlükəsizliyini təmin etməsini gözləyirik.
Beləliklə, fransız seçicilər ölkənin gələcək prezidentindən daha çox onların güzəranını yaxşılaşdırmağı və ölkənin təhlükəsizliyini təmin etməyi gözləyirlər.
IPSOS və Sopra Steria kimi sorğu mərkəzlərinin apardığı sosial sorğuların nəticəsinə görə ikinci turda Emmanuel Makron və Marine Le Pen dueli gözlənilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris