Frontex: Müharibə səbəbindən Ukraynanı 6 milyondan çox qaçqın tərk edib
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edərək qonşu ölkələrə üz tutan qaçqınların sayı 6 milyon nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Xarici Sərhədlərin Mühafizəsi Agentliyi (Frontex) məlumat yayıb. “Ukraynanı 6 milyondan çox qaçqın tərk edib. Onlardan 3 milyondan çoxu Polşaya və bir milyondan çoxu Moldovaya gəlib”, - məlumatda belə deyilir.
Bununla yanaşı, Frontex bildirir ki, Ukraynanı tərk edənlərin sayı son vaxtlar bir neçə dəfə azalıb. Əgər müharibənin ilk 10 günündə Avropa İttifaqının sərhədlərini hər gün 125 min nəfər keçirdisə, hazırda bu göstərici 34 min nəfərədək azalıb.
Həmçinin son 10 gün ərzində Aİ ölkələrindən Ukraynaya gündə orta hesabla 25 min nəfər gəlib. Ümumilikdə fevralın 24-dən Ukraynaya gələn bu ölkə vətəndaşlarının sayı bir milyona yaxınlaşıb.

Xəbərin mətnində orfoqrafik səhv var