CƏMİYYƏT
Füzuli rayonunda raket hissəsi aşkarlanıb
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da saat 14:03-də Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətindən və saat 14:35-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şükürbəyli kəndində bir ədəd minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və DİN-in Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd “9M22U” raketinin alışdırıcı hissəsi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raket hissəsinin tapıldığı yerin ətrafında 250 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən mayın 29-dək ANAMA tərəfindən 3510 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 84 min 315 kvadratmetr ərazi yoxlanılıb.