CƏMİYYƏT
Füzuli rayonunun Kərimbəyli kəndinə içməli su verilib
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycan Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Kərimbəyli kəndinin içməli su problemi həll edilib. Novruz bayramı ərəfəsində layihənin açılışı keçirilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son illər rayonda həyata keçirilən abadlıq, quruculuq işləri barədə məlumat verib. O bildirib ki, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, o cümlədən Kərimbəyli kəndinin kommunal xidmətlərlə təminatı dövlət tərəfindən həmişə diqqətdə saxlanılıb. Sovet dövründə Kərimbəyli kəndində su xətləri çəkilib, ümumi istifadə üçün bulaqlar quraşdırılıb. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində kənddəki yaşayış evləri və kommunal infrastruktur dağıdılıb. 1994-cü ilin yanvarında uğurlu Horadiz əməliyyatı nəticəsində kənd işğaldan azad olunub. Ötən illərdə kəndin sosial və kommunal infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülüb. Novruz bayramı ərəfəsində kənddə yeni su təchizatı sistemlərinin açılışı sakinlər üçün əsl bayram hədiyyəsi oldu.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, cəbhəyanı ərazidə yerləşən kəndlərin içməli su təchizatı xüsusi diqqətdə saxlanılıb. Ağdam, Tərtər, Goranboy, Qazax, Füzuli, Tovuz və digər rayonların cəbhə xəttinə yaxın kəndlərində içməli su layihələri icra edilib. Vaxtilə Kərimbəyli kəndində su təchizatı sistemi yaradılsa da, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində yaşayış evləri və kommunal infrastruktur, o cümlədən su təchizatı sistemləri dağıdılıb. Yeni layihə çərçivəsində kəndin su təchizatı sistemi tam bərpa edilib. Bununla da Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı çərçivəsində layihələrin icrası tam başa çatdırılıb. S.Seyidov kənd yaşayış məntəqələrinin içməli su ilə təchizatı layihələrinin 2018-ci ildə də davam etdiriləcəyini bildirib.
Açılış mərasimində iştirak edən kənd sakinləri deyiblər ki, uzun illər içməli suya olan tələbatlarını həyətyanı sahələrindəki quyular hesabına və ya daşıma yolu ilə ödəyirdilər. Yeni layihənin icrası bu problemi birdəfəlik həll edib.
Layihəyə əsasən, Füzuli rayonunun Kərimbəyli kəndini içməli su ilə təmin etmək üçün 1 subartezian quyusu qazılıb, su mənbəyində nasos, transformator və elektrik xətləri quraşdırılıb. Hər birinin turumu 500 kubmetr olan 2 su anbarı əsaslı təmir edilib. Kərimbəyli kəndində müxtəlif diametrli polietilen borularla 6,5 kilometr uzunluğunda su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 32 bulaq quraşdırılıb. Bu layihə kəndin 2 minə yaxın sakininin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.