MƏDƏNİYYƏT
GƏNCLƏRİN YARADICILIQ FƏALİYYƏTİNİN İNKİŞAF PROQRAMI TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, fevralın 2-də Gənclər günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə təsdiq edilmiş “2007-2010-cu illərdə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətinin inkişaf Proqramı”nın təqdimat mərasimi olmuşdur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən Gənclər gününün təsis olunmasından 10 il keçir. Ölkəmizdə gənclər siyasətinin uğurla aparılması nəticəsində gənclər xeyli təşkilatlanmış, respublikamızın ictimai həyatında daha geniş fəaliyyət göstərməyə başlamışlar.
Proqramın əhəmiyyətinə gəlincə, natiq bildirmişdir ki, layihə milli kino, onun bu günü və gələcəyi üçün yaradıcı gənclərlə işin son dərəcə aktual olduğunu nəzərə alaraq, 2007-2010-cu illərdə kinematoqrafiya sahəsində onların fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur və Proqram çərçivəsində kinonun ayrı-ayrı qolları üzrə kompleks tədbirlər həyata keçiriləcəkdir. Həmin müddətdə prodüser fəaliyyətinin genişləndirilməsi xüsusi diqqətdə olacaqdır.
Nazir diqqətə çatdırmışdır ki, Proqram filmlərin istehsalı, onların yayımı, təbliği, həmçinin kino tənqidi sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan vermək, onların fəaliyyətinə stimul yaratmaq, daha istedadlı gənc sənətçiləri üzə çıxarmaq, audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək və eyni zamanda kinoda rəqabət meyillərini gücləndirmək məqsədi daşıyır.
Layihə çərçivəsində lentə alınan filmlərin keyfiyyətindən söz açan Ə.Qarayev bildirmişdir ki, müxtəlif prodüser mərkəzlərində, studiyalarda çəkiləcək filmə müəyyən məbləğdə dövlət vəsaiti ayrılacaqdır. Bu şərtlə ki, həmin film nümayiş etdirildikdən sonra məbləğın 30 faizini qaytarmalıdır. Əgər film beynəlxalq müsabiqələrdə mükafata layiq yerlərdən birini tutarsa və yaxud laureat adını qazanarsa, həmin ekran əsəri 30 faizlik məbləği dövlətə qaytarmaqdan azad ediləcəkdir.
Nazir layihənin kino sahəsində uğurlar qazanmağa imkan yaradacağına inandığını vurğulamışdır.