MƏDƏNİYYƏT
GƏNC TƏSVİRİ SƏNƏTÇİLƏRİN ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Gənclər günü ilə bağlı keçirilən tədbirlər çərçivəsində Səttar Bəhlulzadə adına mərkəzi sərgi salonunda gənc təsviri sənətçilərin - rəngkar və qrafiklərin, heykəltəraşların, fotoqrafların, xalçaçıların əsərlərindən ibarət sərgi açılmışdır.
Mədəniyyət və Turizm, İdman və Gənclər nazirliklərinin Rəssamlar İttifaqı ilə birgə keçirdikləri tədbirdə sənətsevərlərə 70-ə yaxın müəllifin 150-dən artıq əl işi təqdim olunub.
Sərginin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Gənclər gününün qeyd olunmasında ulu öndərimiz Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirən nazir ölkəmizdə gənclərə, xüsusən də sənətçilərin yetişməsində onlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişdir.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Prezident İlham Əliyevin sənət adamlarına qayğısından danışmışdır. Bildirmişdir ki, belə münasibətin nəticəsidir ki, Azərbaycanda yaradılmış təsviri sənət ənənələri gənclər tərəfindən uğurla davam etdirilir.