MƏDƏNİYYƏT
GÖRKƏMLİ TEATR VƏ KİNO SƏNƏTÇİSİNİN YUBİLEYİ
Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, “Şöhrət” ordenli Lütfi Məmmədbəyovun anadan olmasının 75 illiyi münasibətilə fevralın 6-da Akademik Milli Dram Teatrında yubiley gecəsi keçirilmişdir.
Gecəni teatrın direktoru və bədii rəhbəri, xalq artisti, Dövlət mükafatı laureatı Əliabbas Qədirov giriş sözü ilə açdı.
Yubiley gecəsində Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin rəisi Əliqismət Lalayev, Teatr Xadimləri İttifaqının katibi, xalq artisti Yaşar Nuri, xalq artistləri Həsən Məmmədov, Səyavuş Aslan, Firəngiz Mütəllibova, Mərahim Fərzəlibəyov, Zemfira Nərimanova, əməkdar artistlər Laləzar Mustafayeva, Telman Adıgözəlov və başqaları aktyor, rejissor və müəllim kimi Lütfi Məmmədbəyovun milli teatrımızın inkişafındakı xidmətlərindən danışdılar, ona uzun ömür, cansağlığı dilədilər, görkəmli sənətkarın öz yaradıcılığı ilə pərəstişkarlarını bundan sonra da sevindirəcəyinə əmin olduqlarını bildirdilər.
Azərbaycan Prezidenti Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə böyük qayğısını xüsusi vurğulayan Lütfi Məmmədbəyov ona da fərdi təqaüd ayırdığına və yaradıcılığına yüksək qiymət verdiyinə görə dövlətimizin başçısına, habelə yubiley gecəsinin iştirakçılarına dərin minnətdarlığını bildirdi.
Yubiliyara qiymətli hədiyyə və gül dəstələri təqdim olundu.
Sonra Lütfi Məmmədbəyovun rejissorluğu ilə Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesinin tamaşası göstərildi.