MƏDƏNİYYƏT
GUAM-YAPONİYA: TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Kiyev, 31 avqust (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, GUAM Katibliyinin rəsmi saytının məlumatına görə, təşkilatın baş qərargahında GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində tərəflərin turizmin inkişafı ilə əlaqədar görüşü keçirilmişdir.
Görüşdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili, təşkilatın proqramlarının əlaqələndiricisi Səbuhi Temirov və digər şəxslər iştirak etmişlər.
Yaponiya tərəfini bu ölkənin Ukraynadakı səfirliyinin əməkdaşı D.Kitade, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin əməkdaşı Y.Dou və Təkamül Turizmi İnstitutunun professoru T.Kobayaşi təmsil etmişlər.
Yaponiya nümayəndələri iştirakçılara Azərbaycan və Ukraynaya səfərləri barədə məlumat vermiş, Yaponiya turistlərinin cəlb olunması üçün turizm məhsullarının təkmilləşdirilməsinə dair tövsiyələrini vermişlər.
Görüşdə Turizm üzrə işçi qrupunun iyul ayında Bakıda keçirilmiş iclasında GUAM-ın birgə turizm məhsulunun reallaşdırılması üzrə Planın yerinə yetirilməsinin vəziyyəti, turizm agentliklərinin sentyabrın 24-dən 26-dək Tokioda keçiriləcək Ümumdünya turizm sərgisində birgə iştirakı və digər məsələlər müzakirə olunmuşdur.
Zeynal Ağzadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev