DÜNYA
GÜRCÜSTANDA UŞAQ ALVERİ VƏ ÖVLADLIĞA GÖTÜRMƏ PROBLEMLƏRİ NARAHATLIQ DOĞURUR
Gürcüstanın yüksək dağlıq və İmereti, Raca bölgələrində, Acarıstan Muxtar Respublikasında, Tbilisi şəhərində uşaq alveri, habelə körpələrin övladlığa götürülməsi ilə bağlı problemlər ciddi narahatlıq doğurur. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hətta körpə uşaqların və onların daxili orqanlarının satış qiymətləri barədə konkret rəqəmlər də misal gətirilir. Belə ki, bölgələrdə oğlan uşaqlarının 1500, qızların 1200, Tbilisidə isə oğlanın 5000, qızın 2000 dollar, uşaq ürəyinin isə 50-80 min dollaradək qiymətləndirildiyi barədə söz-söhbət gəzir.
Hüquqşünas Nino Boqveradze bildirir ki, Gürcüstanda övladlığa götürməklə əlaqədar məsələləri mülki məcəllə tənzimləyir. Bu barədə qanun da mövcuddur. Övladlığa götürmə hökmən məhkəmə yolu ilə rəsmiləşdirilməlidir. Bunun üçün valideynlərin də yazılı razılığı olmalıdır. Həkim-ginekoloq Merab Xidaşelinin fikrincə isə, Gürcüstanda, əslində, bunlara əməl edilmir. Uşaqların həm ana tərəfindən, həm də doğum evindən övladlığa verilməsi halları kifayət qədərdir. Son vaxtlar xarici ölkələrin vətəndaşlarının Gürcüstanda uşaq alverinə marağı artmışdır. Onlar uşaqlara istehlakçı münasibəti bəsləyir, uşaq orqanlarından köçürmə məqsədi üçün istifadə edirlər.