CƏMİYYƏT
“Gələcəyini sən qur!” intellektual biznes simulyasiya yarışı keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Bakıdakı beş ali təhsil müəssisəni təmsil edən 15 komandanın iştirakı ilə “Gələcəyini sən qur” intellektual biznes simulyasiya yarışı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, biznes simulyasiya oyunu praktiki təhsil konsepsiyasına əsaslanmış, tələbələrin komanda şəklində işləmək və düzgün qərarlar vermək bacarıqlarını inkişaf etdirib.
Yarış zamanı komandalar sahib olduqları virtual şirkətin perspektivlərini və biznes imkanlarını qiymətləndirib, digər şirkətlərlə sərfəli şərtlərlə virtual əqdlər bağlayıblar. Yarış altı mərhələdən ibarət olub, komandalar sahib olduqları resursları sərfəli qiymətə satmağa və virtual kapitalın artırılmasına çalışıblar.
Oyun çərçivəsində alıcı və satıcı kimi çıxış edən komandalar üçün qiymət dəhlizi müəyyənləşdirilib və əmtəənin qiyməti üzərində razılaşmalar aparılıb. Hər mərhələnin sonunda əqdlər təsdiqlənib, məlumatlar vahid bazaya daxil edilib və aralıq nəticələr komandalara bildirilib. Bütün mərhələlərin yekununda maksimal mənfəət əldə etmiş komanda qalib adını qazanıb.
Simulyasiya yarışının keçirilməsində məqsəd gənclərin iqtisadi biliklərinin artırılması olub.
Sonda virtual məbləğə əsasən ən çox gəlir əldə etmiş Azərbaycan Dövlət İqtisad Universitetinin komandası qalib adını qazanıb. Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıb.