REGİONLAR
Gələn il baş verəcək iki Günəş tutulmasından yalnız biri Azərbaycanda müşahidə olunacaq
Şamaxı, 16 dekabr, Adil Ağayev, AZƏRTAC
2020-ci ildə dünyada iki Günəş tutulması baş verəcək ki, onun da yalnız birini Azərbaycanda müşahidə etmək mümkün olacaq.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, birinci Günəş tutulması iyunun 21-də olacaq. Bu tutulma halqarı Günəş tutulmasıdır. Tutulma hadisəsi Bakı vaxtı ilə 07:46-da başlayacaq və 13:34-də sona çatacaq. Tutulmanın maksimum həddi 10:41-də olacaq. Təbiət hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.
Birinci Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə ediləcək. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsindən, Pakistanın cənubundan, Hindistanın şimalından və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görəcəklər.
Azərbaycan ərazisində isə qismən Günəş tutulması müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün 08:47-də başlayıb 11:05–də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.
İkinci Günəş tutulması isə dekabrın 14-də baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi Bakı vaxtı ilə 17:34-də başlayacaq və 22:53-də sona çatacaq. Tutulma maksimum həddə 20:15-də çatacaq. Bu hadisə 5 saat 19 dəqiqə davam edəcək. Təbiət hadisəsi Cənubi Amerikanın mərkəzi və cənub hissələrində, Atlantik və Sakit okeanda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada görünəcək.
Bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.