MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrında yanvarın ilk premyeraları
Bakı, 4 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2018-ci ilin ilk ayında bir-birindən maraqlı, mövzu və məzmunca fərqli premyeralarla tamaşaçıların görüşünə gəlir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrda yanvarın 9-u Əməkdar Artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunacaq . Tanınmış şair-dramaturq Zaməddin Ziyadoğlunun Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır. Yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisun “İstədiyim kimi yaşamışam” tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağakişi Kazımovdur. Tamaşa bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir. Teatrın səhnəsində ilk dəfə oynanılan tamaşalardan biri də Rövşən Ağayevin, Asiman Ağa Rövşənin quruluşunda “Sonluğun sonu” mono-tamaşasıdır. Tamaşa aktrisa Küşvər Şərifovanın ifasında yanvarın 16-da nümayiş olunacaq. Səhnə əsərində tənha, qoca qadının həyatı boyu keçirdiyi sarsıntılar, nəhayət bir ananın böyük sevgi etirafları olduqca maraqlı ştrixlərlə canlandırılıb. Yanvarın 11-də Əməkdar Artist Şövqi Hüseynovun ifasında N.V.Qoqoqlun “Dəlinin qeydləri” əsəri təqdim ediləcək. Tamaşanin rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Yanvarın 12-də isə rejissor Mehriban Ələkbərzadənin quruluşunda və Əməkdar artist Kəmalə Müzəffərin ifasında T.Vəliyevanın “Cəza” tamaşası nümayiş olunacaq. Yanvarın 17-də Əməkdar Artist Nofəl Vəliyevin ifasında F.Dostayevskinin “İdiot” tamaşası ilə baş tutacaq premyeralar sevilən aktyorları öz tamaşaçıları ilə görüşdürəcək.