CƏMİYYƏT
Gənc nəslə ilkin hərbi biliklərin aşılanması üçün hərbi dərslərin bərpası arzu ediləndir
Bakı, 2 iyun, AZƏRTAC
Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var. Ölkəmizin müharibə şəraitində olması, torpaqlarımızın bir hissəsinin işğal altında qalması hərbi dərslərin bərpasını zəruri edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Milli Məclisin bu gün keçirilən iclasında deputatlardan birinin orta məktəblərdə hərbi dərslərin bərpası təklifinə münasibət bildirərkən deyib.
Təşkilatın sədr müavini bildirib ki, orta məktəblərdə və ali təhsil müəssisələrində hərbi dərslərin keçirilməsi günün tələbidir. Çünki ali məktəbin bakalavr pilləsini bitirən tələbələr təhsillərini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yola düşürlər. Əgər ali məktəblərdə hərbi dərslər tədris olunarsa, bu, təhsilini başa vurandan sonra ordu sıralarına cəlb olunan gənclərimizin xidmətə daha hazırlıqlı şəkildə başlamasını təmin edər. İlkin bilik və bacarığa malik heyətlə işləmək zabitlər üçün daha asandır.
“Respublika Veteranlar Təşkilatı bununla bağlı Təhsil Nazirliyinə müraciət edib. Həmin müraciətlərdə həm orta, həm də ali məktəblərdə hərb işinə marağın artırılması məqsədilə gənclərimizin ordumuzun arsenalındakı hərbi texnika ilə tanışlığına şəraitin yaradılması, onlara bəzi silah növləri haqqında əyani informasiya verilməsi və sair təkliflər səsləndirmişik. Habelə, bu işdə veteranların təcrübəsindən istifadə etməyi təklif etmişik. Gənc nəslə ilkin hərbi bilik və bacarıqların aşılanması, onlarda orduya, hərb sənətinə marağın artırılması üçün belə dərslərin bərpası arzu ediləndir”, - deyə Cəlil Xəlilov vurğulayıb.