CƏMİYYƏT
Gənc qızların sahibkarlıq fəaliyyətinə təşviqi ilə bağlı maarifləndirmə görüşü keçirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihəsi çərçivəsində növbəti maarifləndirmə görüşünü həyata keçirib.
“Gəncliyə dəstək” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, Zərdab şəhər H.Aslanov 3 nömrəli tam orta məktəbdə keçirilmiş görüşdə 41 məktəbli gənc qız iştirak edib.
Tədbir başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən məktəbin müəllimi Babaş Babaşov layihənin gedişatına və təşkilatın fəaliyyətinə uğurlar arzulayıb.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli çıxışı zamanı gənc məktəbli qızların peşə təhsilinə yönləndirməyin onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə, gələcək həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə kömək edəcəyini xüsusilə vurğulayıb.
İştirakçılara materiallar (dəftər, qələm, buklet, təqvim) paylanılıb.
Qeyd edək ki, layihə 2 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.