ELM VƏ TƏHSİL
Gənc tədqiqatçı beynəlxalq konfransda Qarabağdan danışacaq
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri gənc siyasi tədqiqatçı və doktorant Nərgiz Hacıyeva "Azərbaycanın Qarabağ bölgəsində əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı hüquqi sənədlərə baxış" adlı elmi məqaləsi ilə V Asiya tədqiqatçıların əqli mülkiyyət və innovasiya elmi konfransında çıxış edəcək.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Sinqapurun Nanyang Texnologiya Universiteti və Nanyang Biznes Məktəbinin təşkilatçılığı ilə keçiriləcək və dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələri və təşkilatlarının nümayəndələrinin qatılacağı konfransda Nərgiz Hacıyeva hüquqi sənədlərə və konvensiyalara istinad edərək Qarabağ nümunəsində təhlillər aparacaq.
Qeyd edək ki, konfransın təşkilat komitəsi Kanadanın Ottava Universiteti, Finlandiyanın Hanken İqtisadiyyat Məktəbi, Avstraliyanın “New South Wales” Universiteti, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, xarici ölkələrin patent dövlət agentlikləri və digər nüfuzlu universitetlər, tədqiqat mərkəzləri və qurumlarının nümayəndələrindən ibarətdir.