MƏDƏNİYYƏT
Gənc violen ifaçısı Elvin Xoca Qəniyev Avstriyada ustad dərslərində iştirak edəcək
Bakı, 5 avqust, AZƏRTAC
Hazırda Ankara şəhərində yaşayan gənc istedadlı violen ifaçısı, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev avqustun 10-dan 22-dək Avstriyanın Zalsburq şəhərində keçiriləcək professor Zahar Bronun ustad dərslərində iştirak etməyə dəvət alıb.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq E.Xoca Qəniyevin professor Z.Bronun ustad dərslərində iştirakı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmin olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, E.Xoca Qəniyev kiçik yaşlarından onlarla beynəlxalq festival və müsabiqədə uğurla iştirak edib. O, K.Lipinski və Q.Venyavski adına gənc violen ifaçılarının XI beynəlxalq müsabiqəsinin (Polşa), P.İ.Çaykovski adına gənc musiqiçilərin beynəlxalq müsabiqəsinin (İsveçrə), "Klassik irs" (Rusiya), "Madrid gecələri" (İspaniya) kimi nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2010-cu ildə İtaliyada keçirilmiş gənc musiqiçilərin beynəlxalq müsabiqəsində qələbəsindən sonra E.Xoca Qəniyev Roma Papası tərəfindən ordenlə təltif olunub. Gənc musiqiçi cari ilin oktyabrında ABŞ-ın Nyu-York şəhərində Karneqi-hall salonunda konsertdə və 2016-cı ildə Polşada beynəlxalq müsabiqədə iştirak etməyə hazırlaşır.