MƏDƏNİYYƏT
Gəncə şəhərinin UNESCO tərəfindən 2018-ci il üçün Dünya Kitab Paytaxtı elan olunması gözlənilir
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycanın böyük və qədim şəhərlərindən olan Gəncənin UNESCO tərəfindən Dünya Kitab Paytaxtı elan edilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı sənədlər Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi ilə birgə hazırlanaraq adıçəkilən quruma təqdim edilib.
Qeyd edək ki, UNESCO Baş Konfransının 2001-ci il noyabrın 2-də qəbul etdiyi qətnaməyə əsasən hər il Dünya Kitab Paytaxtı nominasiyası elan olunur. Dünya Kitab Paytaxtı konsepsiyası UNESCO tərəfindən 1996-cı ildə elan olunmuş Dünya Kitab və Müəllif Hüququ gününə əsaslanır. Kitab sənayesinin üç əsas sahəsini təmsilı edən beynəlxalq təşkilatların iştirakını təmin etmək məqsədilə Beynəlxalq Naşirlər Assosiasiyası, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyası, Beynəlxalq Kitab Satıcıları Federasiyası və UNESCO-nun nümayəndələrindən ibarət komitə yaradılıb ki, həmin komitə də təqdim olunan nominasiyaları qiymətləndirir.