REGİONLAR
Gəncədə Türkiyədəki terror qurbanlarının xatirəsi yad edilib VİDEO
Gəncə, 30 iyun, Rauf Hacıyev, AZƏRTAC
Türkiyə növbəti dəfə qanlı terrorla üz-üzə qaldı. Həmişə olduğu kimi, Azərbaycan xalqı bu çətin günlərdə qardaş ölkənin yanında olduğunu bir daha nümayiş etdirdi.
Bu fikirlər Türkiyənin Gəncədəki Baş Konsulluğunda iyunun 28-də Atatürk Beynəlxalq Hava Limanında baş verən terror hadisəsi zamanı həlak olanların xatirəsi yad olunarkən səsləndirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində şəhər rəhbərliyi, ziyalılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qanlı terrorda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimdə çıxış edən Baş Konsulluğun vitse-konsulu Demir Efendi terror hücumu nəticəsində 42 nəfərin həlak olduğunu, 239 nəfərin isə yaralandığını diqqətə çatdırıb.
Vitse-konsul heç bir terrorun Türkiyəni öz mövqeyindən döndərə bilməyəcəyini deyib və bu kədərli günlərdə dəstək olduqları üçün Azərbaycan xalqına, mərasim iştirakçılarına təşəkkürünü bildirib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev terroru lənətləyərək deyib ki, Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir. Hər birimiz qardaş ölkənin acısını paylaşır, ölənlərə Allahdan rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını arzulayırıq.
Mərasimdə çıxış edənlər terror aktını pisləyib və türk xalqı ilə həmrəy olduqlarını ifadə ediblər.
Daha sonra mərasim iştirakçıları xatirə kitabına ürək sözlərini yazıblar.