CƏMİYYƏT
Gəncədə keçirilən dinləmə tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsinə həsr olunub
Bakı, 14 fevral, AZƏRTAC
Gəncədə ekoloji rəylərin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçirilib. Şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyinin istifadəsinə ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış kompleksinin tikinti layihəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə əlaqədar keçirilən ictimai dinləmədə layihə icraçıları, mütəxəssislər, ictimaiyyət və QHT nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, maraqlı tərəflərin fikirləri dinlənilib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib.
Onun verdiyi məlumata görə, dinləmədə iştirak edənlər yekun rəydə tikinti üçün ayrılmış ərazinin 25,7 faizində yaşıllıq salınması barədə dair icraçı qarşısında tələb qoyublar.
Nazirliyin idarə rəisi onu da bildirib ki, ETSN-ə təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən sonra rəy verilir.
Dinləmələr respublikanın digər bölgələrində də keçiriləcək.