CƏMİYYƏT
Gəncədə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 21-də Gəncə şəhər sakini olan bir qadın, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edərək yaşadığı evin qarşısında tanımadığı bir şəxsin onu itələyərək yerə yıxması və içərisində 100 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçdığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus pul kisəsini soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 33 yaşlı Pərviz İsmayılov olması müəyyənləşdirilib. P.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mədətzadə saxlanılaraq polis idarəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 450 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.