SİYASƏT
Gəncədə törədilən iğtişaş məkrli qüvvələr tərəfindən həyata keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 10-da Gəncədə baş verən iğtişaşı birmənalı olaraq pisləyirəm. Bu iğtişaş ölkədə çaxnaşma yaratmaqla hansısa çirkin niyyətlərini həyata keçirmək istəyən məkrli qüvvələrin işidir. Bu qüvvələr kənardan idarə olunur. Mənə bu sözləri əminliklə söyləmək imkanını 15 ilə yaxındır ki, Gəncə haqqında nəşr olunan yeganə jurnalın təsisçisi və redaktoru olmağım verir. Eyni zamanda, doğma şəhərimi sevən bir insan kimi baş verən hadisələri mütəmadi olaraq izləyirəm. Son günlər baş verən olayların gedişatı söylədiyim fikri, yəni hadisələrin hansısa kənar qüvvələr tərəfindən və planlı şəkildə həyata keçirildiyini təsdiqləyir.
Bu sözləri Gəncədəki iğtişaşla bağlı AZƏRTAC ilə fikirlərini bölüşən AMEA Elm Tarixi İnstitutunun elmi işçisi, Gəncədə doğulub boya-başa çatmış Elcan Oruclu deyib.
“Diqqətçəkən məqamlardan biri də budur ki, neçə müddətdir xarici ölkələrdə oturub, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinə qarşı radikal mövqeli videolar paylaşmaqla məşğul olan ünsürlər, həmçinin bəzi televiziya və media qurumları Gəncədəki sui-qəsd olayını təhrif olunmuş formada şərh etməyə başladılar. Nəticə çox acınacaqlı oldu. Bir qrup qaragüruhçu çaxnaşma yaratdı, iki polis əməkdaşı qətlə yetirildi. Çox təəssüflənirəm. Gəncə adının həmişə olduğu kimi şərəf və ləyaqətlə çəkilməsini istəyən şəxs olaraq, bu cinayəti törədənlərin tezliklə aşkarlanıb hüquqi məsuliyyətə cəlb olunacağını səbirsizliklə gözləyirəm”, - deyə E.Oruclu bildirib.