CƏMİYYƏT


Gəncədə törədilən terror aktları nəticəsində həlak olanların xatirəsi Tokioda anılır

Tokio, 20 oktyabr, AZƏRTAC

Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirməsi nəticəsində həlak olanların xatirəsi Yaponiyada yaşayan soydaşlarımız və yerli əhali tərəfindən də anılır, bu barədə həqiqətlər həmin ölkənin ictimaiyyətinə çatdırılır.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, belə aksiyalardan biri Azərbaycanın Yaponiyadakı səfirliyinin qarşısında təşkil olunub. Gəncədə törədilən terror aktları nəticəsində həlak olanların xatirəsini yad etmək üçün səfirliyin qarşısında soydaşlarımız tərəfindən guşə yaradılıb. Guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin hədəfə alınması nəticəsində həlak olanların fotoları, bu qanlı terror aktlarının fəsadlarına dair şəkillər və məlumatlar yer alıb.

Yaponiyanın paytaxtı Tokioda yaşayan soydaşlarımız, eləcə də yerli sakinlər səfirliyin binasının qarşısına gələrək, guşənin önünə gül dəstələri və şamlar düzür, şəhidlərimizin xatirəsinə dərin ehtiramlarını bildirir, xalqımızla həmrəylik nümayiş etdirirlər.

Xatırladaq ki, oktyabrın 11-də gecə saat 2:00 radələrində düşmənin Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını “SCUD” raketlərindən məqsədli şəkildə atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 40-dək insan, o cümlədən 10 qadın və 9 azyaşlı xəsarət alıb. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1:00 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, mülki infrastruktura və nəqliyyat vasitələrinə ziyan dəyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.