MƏDƏNİYYƏT
Gəncəli rəssamların “Xəzinə”si Bakıda nümayiş olunur
Bakı, 20 fevral, Xaruqə Məmmədova, AZƏRTAC
Fevralın 20-də Muzey Mərkəzində “Xəzinə” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı və Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin dəstəyi ilə reallaşıb.
Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Deyib ki, sərginin təşkilində məqsəd Azərbaycan bədii ənənələrini, mədəni irsini, gənc rəssamların bədii inkişafının dəstəklənməsi və formalaşması üçün yaradıcı mühitin yaradılması, bədii yaradıcılığın müxtəlif sahələrində (təsviri və dekorativ-tətbiqi sənət) işləyən gənc, perspektivli rəssamların aşkarlanması, habelə onların dəstəklənməsi, region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunmasından ibarətdir.
Bildirib ki, belə sərgilər bölgələrdə yaşayan gənc istedadlı rəssamları daha geniş auditoriyaya tanıtmaq imkanı yaradır: “Gəncədə kifayət qədər potensialı, yaradıcılıq bacarığı olan rəssamlarımız var. Növbəti dəfə bu sərginin Gəncədə də keçirilməsi nəzərdə tutulub”.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov qeyd edib ki, belə sərgilərin keçirilməsi bölgələrimizi və orada yaşayan istedadlı sənət adamlarını tanımağa kömək edir.
Vurğulanıb ki, sərgidə tanınmış rəssamlar Nazim Babayev, Akif Hüseynov, Şaiq Məmmədov, gənc rəssamlar Elçin Cəfərov, Məhər Məhərrəmov, Təlatüm Məmmədov və digər rəssamların əsərləri nümayiş olunur. Gəncə Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bir neçə əsər də ekspozisiyaya daxil edilib.
Digər çıxış edənlər də sərgi ilə bağlı təəssüratlarını bölüşüb, gəncəli rəssamlara yeni yaradıcılıq axtarışlarında uğurlar arzu ediblər.
Sonra rəssamlar Mədəniyyət Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının diplomları ilə təltif olunublar.
Gənc rəssam Məhbarə Abbasovanın kuratoru olduğu sərgi fevralın 25-dək davam edəcək.