MƏDƏNİYYƏT
Gənclər günündə gənclər bir arada
Bakı, Zərəngiz Mansurova, AZƏRTAC
Fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində “Qafqaz Media” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə “Gənclər bir arada” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İB-nin sədri Azadə Hüseynova ölkəmizdə gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Ulu Öndər bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu ümummilli liderin gənclərə böyük qayğısının bariz nümunəsi idi.
Qeyd olunub ki, bu gün ölkəmizdə gənclər siyasəti yeni inkişaf dövrünə qədəm qoyub. Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.
Digər çıxış edənlər də ölkəmizdə gənclərin inkişafı naminə görülən işləri yüksək qiymətləndiriblər.
Tədbirin sonunda əməkdə və təhsildə fərqlənən gənclərə İctimai Birliyin diplomları təqdim olunub.
Təltif olunanlar arasında AZƏRTAC-ın əməkdaşı Aynur İsmayılova da var.