REGİONLAR
“Gənclər həftəsi” çərçivəsində Balakəndə keçirilən intellektual oyunda 10 komanda mübarizə aparıb
Balakən, 27 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2 fevral- Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində Balakən rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilib. Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Gənclər evinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə hər birinin tərkibinə 6 iştirakçının daxil edildiyi 10 məktəb komandası mübarizə aparıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, intellektual oyunun yekun nəticələrinə əsasən, Balakən Humanitar və Texniki Təmayüllü Liseyin komandası 20 xal toplayaraq turnirin qalibi adını qazanıb. Tülü və Kortala kənd tam orta məktəblərin komandaları 18,5 xalla ikinci, Balakən şəhər 1 saylı, Talalar və Qaravəli kənd tam orta məktəblərin komandaları isə 15,5 xalla üçüncü yeri tutublar.
İdarədən verilən məlumata görə, “Gənclər həftəsi” çərçivəsində rayonda, həmçinin idman yarışlarının, əyləncəli və bədii tədbirlərin, şeir və əl işləri müsabiqələrinin, toplantıların keçirilməsi də nəzərdə tutulur.