CƏMİYYƏT


Gənclər həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşürlər

Bakı, 10 yanvar, AZƏRTAC

Bakının Xətai rayonunda çağırışçı gənclərin təntənəli surətdə həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun Xətai rayon idarəsinin rəisi, polkovnik Əqid Bayroyev mərasimdə çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev, gəncləri hərbi xidmətə yola salan ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları çıxışlarında Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmrlərini qüsursuz icra etmələrini tövsiyə edib, hərbi xidməti şərəflə bitirmələrini diləyiblər.

Tərtərdə keçirilən çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev sürətlə inkişaf edən ölkəmizin ordu quruculuğunda qazanılan uğurlarından, Azərbaycan əsgərinin mərdlik və şücaətindən söz açıb.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov və digər çıxış edənlər gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər. Natiqlər hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyi arzulayıblar.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.

Həqiqi hərbi xidmətə çağırış respublikamızın bütün bölgələrində davam edir. Çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin, KİV-lərin və QHT-lərin nümayəndələrinin iştirakı gənc çağırışçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.