CƏMİYYƏT
Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi proqramı yenidən start götürüb
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) üzv gənclər təşkilatları ilə birlikdə artıq ikincisinə start verdiyi “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi - 2.0” proqramı çərçivəsində bir sıra layihələrin icrasına başlayıb.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, proqram çərçivəsində 2022-2023-cü illər ərzində Bakı və regionlardan olmaqla altı istiqamət üzrə 15 təşkilatın 15 layihəsinə resurs dəstəyi göstəriləcək.
Belə ki, indiyədək Bakı, Gəncə, Masallı, Ucar, Astara şəhər və rayonlarında beş təşkilat tərəfindən icra olunan layihələrə 420-dən çox gənc cəlb olunub.
Hazırda “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən “Gənclər üçün vətənpərvərlik və milli dəyərlər” layihəsi icra olunur. Onun əsas məqsədi Azərbaycanın müxtəlif ali və orta ixtisas məktəblərində təhsil alan tələbə - gənclərin vətənpərvərlik tərbiyəsi, milli dəyərlər, dövlətçilik hissləri baxımından bilik, bacarıq və təcrübələrini artırmaqdan ibarətdir. Layihə çərçivəsində Bakı şəhərinin 8 ali və orta ixtisas məktəblərində təhsil alan tələbələrə təlimlər təşkil edilir. İndiyədək Azərbaycan - Fransız Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri üçün təlimlər təşkil olunub.
“Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin reallaşdırdığı gənclər arasında “Zəfər kuboku” çempionatı layihəsi də davam edir. Layihə çərçivəsində dörd gün müddətində futbol, şahmat, intellektual oyun və atıcılıq üzrə yarış keçirilir.
Qeyd edək ki, növbəti ildə yeddi gənclər təşkilatı ilə birlikdə Bakı və regionlarda müxtəlif istiqamətli layihələrin həyata keçirilməsi planlaşdırılır.