MƏDƏNİYYƏT


“Gənclərə dəstək” layihəsinin 5 illiyinə həsr olunmuş konsert

Bakı, 24 noyabr, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “Gənclərə dəstək” layihəsinin 5 illiyinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçüləri və dirijor Orxan Həşimovun rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri çıxış edib.

Gecədə tanınmış bəstəkarların əsərləri ilə yanaşı, gənc müəlliflər, layihə iştirakçıları Lalə Əhmədova və Yusif Abbasovun da əsərləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin ifasında səsləndirilib.

Konsert proqramının sonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineux” vokal ansamblının ifasında bəstəkar Pikə Axundovanın “Gənclərə dəstək” layihəsi üçün xüsusi bəstələdiyi himni (sözləri Aysel Kərimindir) ifa olunub. Ansamblın bədii rəhbəri və dirijoru Əməkdar artist Naala Barateliyadır.

Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadə, kordinator musiqişünas Ayla Kərimova-Zəkəriyyənin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2016-cı ildə yaradılıb. Layihənin ilk konserti “Multikulturalizm ili” çərçivəsində keçirilib. “Gənclərə dəstək” layihəsi çərçivəsində konsertlər mütəmadi olaraq hər ay bir neçə dəfə həm Filarmoniya, həm də Kamera və Orqan Musiqi Zalında keçirilir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.