CƏMİYYƏT
Gənclərimizin əsl vətəndaş kimi formalaşmasında Ümummilli Liderin danılmaz əməyi, misilsiz xidmətləri var
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlməmişdən əvvəl Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Ulu Öndərin hakimiyyətə birinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi başlandı. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən çox azərbaycanlı gənc xaricdə təhsil almaq imkanına sahib olmuşdu. Bu, Azərbaycan gəncliyi üçün bir ilk idi. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis olaraq ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib: “Belə bir aksiom var ki, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edirdi. Onun fikrincə, yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi idi. Bu məqsədlə ölkəmizdə Ulu Öndər tərəfindən bir çox silsilə addımlar atılmışdı. Bu gün ölkəmizdə hərbi, təhsil, siyasi, iqtisadi və digər bütün sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı Ümummilli Liderin adı ilə bağlıdır. Çünki Heydər Əliyev ölkəmizdə hər bir sahəyə xüsusi diqqət və qayğı göstərdiyi kimi, gənclərlə bağlı məsələlərə də böyük önəm verir, bu sahənin inkişafına xüsusi nəzarət edirdi. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir”.
M.Cəfərovun sözlərinə görə, Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərini aradan qaldırmaq məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli dövlət proqramları qəbul olunur. “Gənclərin problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin başçısının gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.
Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, yaradıcı və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında böyük nüfuz qazanıb. Təbii ki, günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir”, - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət, stabillik, imkan və şərait gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşdırmaq üçün ciddi iradə ilə çalışmalarıdır.