REGİONLAR
Gənclərin Naxçıvan şəhərində yerləşən muzeylərə ekskursiyası təşkil olunub
Naxçıvan, 19 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə bir qrup gəncin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə və Cəmşid Naxçıvanskinin ev-muzeyinə ekskursiyası təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Naxçıvan Döyüş Şöhrəti Muzeyində olan gənclərə burada nümayiş etdirilən texnikalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzey Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü ərəfəsində yaradılıb. Burada nümayiş etdirilən hərbi texnikaların hər birinin yanında məlumat lövhələri qoyulub. Həmin lövhələrdə nümayiş etdirilən texnikaların istehsal ili, istifadə sahələri, texniki xüsusiyyətləri, döyüşlərdə iştirakı haqqında məlumatlar yerləşdirilib. Bu gün muzeydə nümayiş etdirilən hərbi texnikalar hazırda bir çox ölkələrin ordularında, eləcə də erməni hərbi birləşmələrində istifadə olunmaqdadır. Lakin ölkəmizin iqtisadi gücünün nəticəsində bu gün ordumuzun arsenalı müasir tələblərə yüksək səviyyədə cavab verən milli və dünyanın aparıcı silah sənayelərinin istehsalı olan hərbi texnikalarla təchiz olunub. Ona görə də həmin silahlar muzeyə verilib.
Gənclərin növbəti ziyarəti ünvanı isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərində fəaliyyət göstərən ev-muzeyinə olub. Muzeyin bələdçisi gənclərə muzey haqqında məlumat verərək bildirib ki, Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi və muzeyinin yaradılması ideyası ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Cəmşid Naxçıvanskinin ev-muzeyi 2019-cu ildə yenidən qurularaq istifadəyə verilib.
Muzeyin ekspozisiya zalları ilə tanış olan gənclər sərkərdənin həyat və fəaliyyətini əks etdirən fotoşəkilləri, nümayiş olunan orden və medalları, müxtəlif sənədlər, məktub və əlyazmaları, Cəmşid Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının keçdiyi döyüş yoluna həsr olunmuş məqalələri, kitabları maraqla qarşılayıblar.