REGİONLAR
Gənclərin Ordubadın mədəniyyət müəssisələrinə ekskursiyası təşkil olunub
Naxçıvan, 9 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvanı tanıyaq” devizi altında gerçəkləşən növbəti ekskursiya Ordubad rayonuna olub.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ekskursiya çərçivəsində gənclər Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət ediblər.
Ekskursiyaya start verilməmişdən əvvəl Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və Gənclər Fondunun əməkdaşı Xanım İbrahimova çıxış edərək bildiriblər ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından bu cür gəzintilərin təşkili diqqətdə saxlanılır. Zəngin tarixi keçmişi, ədəbi-mədəni mühiti, özünəməxsus mətbəxi, rəngarəng təbiəti, milli-mənəvi dəyərlərini qoruyaraq bu günümüzə daşıyan Naxçıvan müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayır. Bunun nəticəsidir ki, muxtar respublikaya olan turist marağı ildən-ilə artmaqdadır. Qədim diyarın turizm potensialını gənclərimizə tanıtmaq, təbliğ etmək üçün müxtəlif layihələr icra olunur. İnanırıq ki, “Naxçıvanı tanıyaq” devizi altında təşkil olunan ənənəvi ekskursiyalar bu baxımdan faydalı olacaq.
Ekskursiyada gənclər tarixi abidələrlə bağlı ətraflı şəkildə məlumatlandırılıblar. İştirakçılar sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar çəkiblər. Sonda ekskursiya iştirakçıları üçün çay süfrəsi təşkil olunub.
Qeyd edək ki, ekskursiyalar növbəti aylarda da davam etdiriləcək.