REGİONLAR
Gəncliyə göstərilən dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir
Sumqayıt, 2 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) Gənclər Günü münasibətilə bir qrup tələbələr mükafatlandırılıb. Mükafatlar 2 fevral – Gənclər Gününə həsr olunan bayram şənliyində təqdim edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ali məktəbin professor-müəllim, tələbə heyəti ümummilli lider Heydər Əliyevin foyedə ucaldılmış büstü önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə böyük hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən universitetin rektoru professor Elxan Hüseynov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışan rektor bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafı üçün səyini əsirgəməyib. Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. “Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir”, - deyən natiq bütün bunların Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verdiyini vurğulayıb.
SDU-nun gəncləri adından çıxış edən Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Ceyhun Əsgərov qeyd edib ki, gənclər bundan sonra da Heydər Əliyev irsinə sadiq qalacaq, dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq və Prezident İlham Əliyevin etimadını doğruldacaqlar.
Sonra universitetin ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində fəal iştirak etmiş, eləcə də respublika və beynəlxalq səviyyəli yarışlarda, müsabiqələrdə nailiyyətlər qazanmış bir qrup gənc fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən viktorinada sualları doğru cavablandıran iştirakçılar da mükafatlandırılıblar.
Bayram şənliyi respublikanın incəsənət ustalarının və universitetin bədii özfəaliyyət kollektivinin təqdim etdiyi bir-birindən maraqlı konsert proqramı ilə davam edib.