REGİONLAR
General olmaq arzusu ilə yaşayan məktəbli yol kənarında saatlarla gözləyib əsgərlərə hərbi salam verir - REPORTAJ VİDEO
Qazax, 22 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Yaşının az olmasına baxmayaraq, əsgərlərə hərbi salam vermək üçün yol kənarında bəzən saatlarla gözləyir. Bir hərbçi avtomobilinin yolu keçməsi isə onun böyük sevincinə səbəb olur. Qamətini düzəldib avtomobil uzaqlaşana qədər hərbi salam vəziyyətində durur... Bu dəfə xəbərimizin qəhrəmanı Qazaxın Daş Salahlı kəndində yaşayan II sinif şagirdi Elton Xıdır oğlu Hacızadədir.
AZƏRTAC xəbər verir ki, Elton Hacızadə bu hərəkətinə görə çoxlarının diqqətini çəkib. Öz adını nəvəsinə qoyan babası deyir ki, Elton nəvələrinin içində ən fəalı, ən vətənpərvəridir: “Elton böyük oğlumun övladıdır. Lap uşaqlıqdan oyuncaq tüfənglərlə oynayır. Yolda əsgərlərin avtomobilini görəndə dayanıb salam verir. Bu, bizi də qürurlandırır”.
Balaca Eltonun bu örnək hərəkəti sosial şəbəkələrdə paylaşılaraq yayılıb və hər kəsin təqdirini qazanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri bir neçə gün öncə sərhədçiləri hərbi salamla qarşılayan Eltonla görüşüb. Sərhəd diviziyasında keçirilən görüşdə ona hərbi forma bağışlanıb, vətənpərvərliyinə görə təşəkkür edilib.
İndi balaca Elton hərbi formasını geyinib yoldan keçən əsgərlərə hərbi salamı daha ürəklə verir. “Məktəbdən gəlirdim, gördüm ki, yoldan hərbi maşınlar keçir. Kənarda dayanıb tez hərbi salam verdim. Hər dəfə əsgər maşını görəndə bu cür salam verirəm. Bundan özümün də xoşum gəlir”, - deyə o bildirib.
Rayonun Daş Salahlı kəndindəki 1 saylı orta məktəbin ikinci sinfində oxuyan Elton Hacızadəni evdə də, kənddə də hər kəs vətənpərvər uşaq kimi tanıyır. Yaşı az olsa da, balaca Eltonun arzuları böyükdür. Deyir ki, böyüyəndə general olmaq istəyir.
Ailəsi də onun arzularına və istəyinə hörmətlə yanaşaraq, təhsilini gələcəkdə hərbi sahədə davam etdirməsi üçün hər cür dəstəyi verəcəyini bildirir.