ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunda Python proqramlaşdırma dili ilə bağlı təlimə başlanılıb
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda “Genom data analizi üçün Python” adlı proqramlaşdırma dilinin tədrisi ilə bağlı təlimə başlanılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi bu dilin köməyi ilə Yeni Nəsil Sekvensləmə texnologiyaları vasitəsilə alınmış bioloji datanın emalının və interpretasiyasınının həyata keçirilməsidir.
Python böyük araşdırma mərkəzlərində geniş istifadə olunur və elmi hesablamalar üçün çoxlu kitabxanalara malikdir. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Həmçinin biologiya sahəsində ən çox istifadə olunan proqramlaşdırma dillərindən biridir. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Sözügedən dil pulsuz olaraq yayılır, öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar.
Təlim institutun biotexnologiya şöbəsinin elmi işçisi Orxan Bağırlı tərəfindən aparılıb. O, bakalavr təhsilini dövlət proqramı vasitəsilə Kanadanın Toronto Universitetində elektrik və kompüter mühəndisliyi ixtisası üzrə alıb. Magistratura təhsilini isə İsveçin Uppsala Universitetində tam təqaüdlə enerji texnologiyaları ixtisası üzrə bitirib.