CƏMİYYƏT
Gigiyena və epidemiologiya mərkəzləri tərəfindən koronavirusla bağlı hər bir pozitiv hal mütləq araşdırılır
Bakı, 16 oktyabr, AZƏRTAC
Gigiyena və epidemiologiya mərkəzləri tərəfindən koronavirusla bağlı hər bir pozitiv hal mütləq araşdırılır. Əgər hər hansı bir müəssisədə alovlanma qeydə alınırsa, mütləq şəkildə həmin quruma qarşı əks-epidemik tədbirlər planlaşdırılır və görülür.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.
O, həmçinin deyib: “Kurslara gəlincə, burada da bəlli bir tələblər var. Sinifdəki şagird sayı, onların maskadan istifadəsinə dair tələblər var. Kurslara müraciət edən məktəblilər daha yuxarı sinif şagirdləridir. Onların qaydalara əməl edə bilmələri, maska taxmaları aşağı sinif şagirdlərindən daha rahatdır. Kurslara gələn uşaqların qaydalara riayət etməsinə nəzarət də daha asandır. Onu da qeyd edim ki, əvvəlcədən aşağı sinif şagirdlərinin maska taxması könüllü olub”.