İQTİSADİYYAT


Gömrük əməkdaşları üçün ilk tibbi yardım mövzusunda təlimlər keçiriləcək

Bakı, 22 sentyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin (DGK) gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan baş müfəttişlər üçün ilk tibbi yardımın göstərilməsi mövzusunda davamlı olaraq təlimlər keçiriləcək.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, təlimləri DGK-nin Tibbi Xidmət İdarəsi nəzdində fəaliyyət göstərən Sanitar-Karantin Xidmətinin təlimçiləri aparacaq. Bu məqsədlə Sanitar-Karantin Xidmətinin əməkdaşları İxtiyar Muxtarov və Müşviq Qəhrəmanov xüsusi təlim və hazırlıq kursunu bitirib, mütəxəssis kimi qiymətləndiriliblər.

“Updotade-in-medicine” şirkətinin və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan həmin kurs nəzəri və praktiki mərhələlərdən ibarət olub. Bununla da Sanitar-Karantin Xidmətinin əməkdaşları gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan baş müfəttişlərə sertifikatlaşdırılmış ilk tibbi yardım təlimini keçmək hüququnu qazanıblar.

İlkin mərhələdə Sanitar-Karantin Xidmətinin təlimçiləri artıq 20-yə yaxın baş müfəttişə təlim keçiblər. Müxtəlif regionlardan cəlb olunan gömrük əməkdaşları ilk tibbi yardımın göstərilməsi mövzusunda zəruri bilik, vərdiş və bacarıqlara yiyələniblər. Bu təlimdə Sanitar-Karantin Xidmətinin rəis müavini Namiq Məmmədov və Gömrük Akademiyasının nümayəndələri də müşahidəçi kimi iştirak ediblər.

Beləliklə, təlimlərdə əsas məqsəd hadisə yerinə peşəkar həkim briqadası gələnə qədər xəstə və ya yaralılara ilk tibbi yardımın göstərilməsi bacarıqlarının öyrənilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.