CƏMİYYƏT
Gömrükçülər İrandan gələn şəxsin üzərində narkotik vasitə və psixotrop maddələr aşkarlayıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Gömrükçülər İrandan gələn şəxsin üzərində narkotik vasitə və psixotrop maddələr aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı, vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bükümdə ümumi xalis çəkisi 22,385 qram olan narkotik vasitə - tiryək, bir ədəd bükümdə xalis çəkisi 24,281 qram olan narkotik vasitə - həşiş, 4 ədəd ritalin (metilfenidat) adlı həb və həbin 1/2 miqdarında metadon aşkar edilib.
Xatırladaq ki, ritalin (metilfenidat) adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in Siyahısına daxildir və 4 ədəd həbdə metilfenidatın təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir.
Metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və həbin 1/2 miqdarında olan qırıntısında metadonun təsiredici maddəsinin miqdarı 0,01 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.