REGİONLAR
Goranboy rayonunda təhsil infrastrukturu müasirləşdirilir
Goranboy, 23 aprel, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin respublikamızın bütün bölgələrində təhsil infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq, Goranboy rayonunda da yeni məktəblərin və əlavə tədris korpuslarının tikintisi, eləcə də mövcud məktəblərdə təmir-bərpa işləri aparılır.
Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun Xoylu kənd tam orta məktəbinin əlavə tədris korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir.
Kələk kəndində tikintisi yekunlaşmış uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək. Ağamalıoğlu kənd uşaq bağçasında isə əsaslı təmir işləri aparılır.
Qeyd edək ki, son 7 ildə rayonda 24 məktəb, 3 əlavə tədris korpusu inşa olunub, 11 məktəb isə əsaslı təmir edilib.