ELM VƏ TƏHSİL


Goranboyda eneolit və ilk tunc dövrünə aid müxtəlif maddi mədəniyyət nümunələri aşkarlanıb

Bakı, 6 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparıb.

Ekspedisiyanın rəhbəri AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, ötən il Naftalan şəhəri və Goranboy rayonu ərazisində aparılan arxeoloji tədqiqat işləri uğurla yekunlaşıb. Tədqiqatlar zamanı Goranboy rayonunun Şəfəq kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri qeydə alınıb. Tunc və orta əsrlər dövrlərinə aid olan yaşayış yerindən zəngin maddi mədəniyyət nümunələri aşkar edilib. Həmçinin dosent Bəxtiyar Cəlilovla birlikdə Goranboy rayonunun Qaraçinar kəndi ərazisində yerləşən Qaraçinar çoxtəbəqəli yaşayış yerində də arxeoloji tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində abidənin eneolit və tunc dövrünə aid unikal bir abidə olması müəyyənləşib. Yaşayış yerindən eneolit və ilk tunc dövrünə aid müxtəlif maddi mədəniyyət nümunələri aşkarlanıb. Abidənin əhəmiyyəti yüksək qiymətləndirilib və burada arxeoloji qazıntıların xarici arxeoloqlarla birgə cari il ərzində aparılmasına qərar verilib.

M.Hüseynov deyib ki, Qaraçinar çoxtəbəqəli yaşayış yerinin əsas əhəmiyyəti burada orta eneolit dövründən başlayan yaşayışın ilk tunc dövründə də davam etməsidir. On metrdən artıq mədəni təbəqəsi olan yaşayış yerində erkən tunc dövrü mədəniyyətinin eneolit dövrünün davamı olması ehtimalı var. Növbəti illərdə aparılan arxeoloji tədqiqatlar nəticəsində bu ehtimal özünü doğruldarsa, Şimali Qafqazdan Suriya-Fələstinə qədər böyük bir ərazini əhatə edən Kür-Araz (erkən tunc) dövrü mədəniyyətinin mənşəyi haqqında tutarlı elmi fikirlər söyləmək mümkündür. Ekspedisiya, həmçinin Naftalan şəhəri və Goranboy rayonu ərazisində yeni kurqanlar qeydə alıb. Bu il də arxeoloji qazıntıların davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.