REGİONLAR
Goranboyda pambıq sahələrindən yüksək məhsul gözlənilir
Goranboy, 12 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin ölkədə aqrar sektorun inkişafı ilə əlaqədar verdiyi tapşırıqlara uyğun olaraq, uzun illər fasilədən sonra Goranboyda ilk dəfə pambıq yetişdirilib. Bu günlərdə tarlalardan məhsul yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayon üzrə 200-dən çox fermer pambıq əkini aparıb və sahələrdə bol məhsul yetişib. Proqnozlara görə, hər hektardan 20-25 sentner məhsul gözlənilir.
Rayonda pambığın satışı üçün tədarük məntəqəsi yaradılıb. Yığılan pambıq rayon ərazisində fəaliyyət göstərən qəbul məntəqələrinə kiloqramı 51 qəpikdən satılır.
Goranboy Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Siyavuş Qurbanov deyib ki, toplanan pambıq burada tam hazır vəziyyətə gətirildikdən sonra emal müəssisələrinə təhvil verilir. Bu günədək fermerlərdən 15 ton pambıq qəbul olunub. Məhsulun vaxtında yığılması və məntəqələrə çatdırılması üçün istehsalçıların sərəncamına 4 pambıqyığan maşın və 26 traktoru verilib.
Bu il 2 min hektarda pambıq əkib yetişdirən Goranboy fermerləri gələn il əkin sahələrini 5 min hektara çatdırmağı planlaşdırırlar.