CƏMİYYƏT
Gorançay çayında daşqın olub
Bakı, 12 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli yağış nəticəsində bəzi çaylarda sululuq artıb, iyunun 10-da Gorançay çayından isə qısamüddətli daşqın keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 49 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 393 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 627 kubmetr olmaqla ongünlük normanın 106 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 118 kubmetr olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 365 kubmetr təşkil edərək ongünlük normanın 216 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 6, Bankədə 7 santimetr artım qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 (2016-cı il iyunun 12-də 389 sm), Şirvanda 201, Salyanda 130 (2016-cı il iyunun 12-də 148 sm), Bankədə 180 (2016-cı il iyunun 12-də 200 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetr (2016-cı il iyunun 12-də 80 sm) təşkil edir.