MƏDƏNİYYƏT
Görkəmli dirijor Niyazinin xatirəsinə həsr edilmiş tədbir keçirilib
Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 20-də görkəmli dirijor və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı maestro Niyazinin anadan olmasının 109-cu ildönümü münasibətilə sənətkarın mənzil-muzeyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış bəstəkarlar, sənətşünaslar, mədəniyyət və incəsənət xadimləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova bildirib ki, bu günlərdə Heydər Əliyev Fondu “Əbədi imzalar” layihəsi çərçivəsində görkəmli bəstəkar və dirijor Niyazinin əsərlərindən ibarət 7 məcmuə çap etdirərək Niyazinin mənzil-muzeyinə hədiyyə edib.
Layihə haqqında məlumat verən Alla Bayramova bildirib ki, “Əbədi imzalar” layihəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə ərsəyə gələn və Azərbaycan mədəniyyəti, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliğ olunması üçün çox dəyərli töhfə sayılır. “Əbədi imzalar” layihəsində Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsinin - Asəf Zeynallı, Niyazi, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov və Vasif Adıgözəlovun imzaları musiqi külliyyatı toplu halda 71 məcmuədə nəşr olunub. Onların hər biri, ayrı-ayrılıqda musiqi tariximizdə ilklərə imza atmış bəstəkarlardır.
Qeyd edib ki, “Əbədi imzalar” toplusunda nəşr olunan əsərlərin bir çoxu ilk dəfədir ki, işıq üzü görür. Topluda yer alan bəzi əsərlər sovet dövründə dərc olunsa da, təəssüf ki, həmin nəşrlərin əksəriyyətində ciddi çap səhvləri var idi. Buna görə də həmin musiqi materialların hamısı bir daha ciddi redaktə prosesindən keçib. Həm Azərbaycanda həm də xarici ölkələrin arxivlərində əsərlərin notları araşdırılıb, bəstəkarların əlyazmaları qaldırılıb müqayisələr aparılıb və ən uğurlu variantlar seçilərək yenidən nəşr edilib.
Bu layihənin müasir standartlara cavab verdiyini deyən Alla Bayramova vurğulayıb ki, bütün kitablar, notlar yenidən xüsusi proqramlarda yığılıb və ən nəfis formada tərtib edilib.
Tədbir çərçivəsində təşkil olunmuş konsertdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi poeziyasından ilhamlanaraq Niyazi və görkəmli Azərbaycan bəstəkarlarının yazdıqları əsərlər səsləndirilib.
Qeyd edək ki, bu gün muzeydə “Açıq qapı” günü də təşkil olunub. Gün ərzində ziyarətçilərə Niyazi haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunub.