REGİONLAR
Göyçay Sort Sınaq Məntəqəsində nar sortlarının bu il üçün nəzərdə tutulan sınaq işləri başa çatıb
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Bunlar həm morfoloji-bioloji xüsusiyyətlərinə, meyvələrin keyfiyyətinə, həm də yetişmə vaxtlarına görə bir-birindən fərqlənir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tərkibi mikroelementlərlə zəngin olan, xüsusi dada malik Azərbaycan narı bu gün dünyada analoqu olmayan meyvədir və hər il dünyanın bir çox ölkələrinə ixrac edilir. Ölkəmizdə nar istehsal edən iqtisadi rayonlardan biri də Göyçaydır. Respublikamızın ərazisində nar bitkisinə aid əkin sahələri genişləndirilərək artıq 23 min 500 hektara çatdırılıb. Bununla yanaşı, yeni məhsuldar sortlar qeydiyyata alınaraq istehsalatda tətbiq olunur.
Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Göyçay Dövlət Sort Sınaq Məntəqəsində 7 hektar sahədə 21 sortdan ibarət nar bağı mövcuddur. Bunlar əvvəllər sınaq üçün təqdim olunmuş nar sortlarıdır. Həmin sortlardan 9-nun Azərbaycan Respublikası üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətləri Dövlət Reyestrində qeydiyyata alınıb. Üç sort isə patent alıb.
Göyçay Dövlət Sort Sınaq Məntəqəsində hazırda nar bitkisinə aid 8 yerli sortdan ibarət sınaq işləri aparılır. Sortlar üzrə ayrı-ayrılıqda fenoloji müşahidələr aparılıb, məhsuldarlıq göstəriciləri təyin edilib və kimyəvi analiz aparmaq üçün nümunələr Bakı Kimya Texnoloji Laboratoriyasına göndərilib. Yekunda aparılmış tədqiqatların nəticəsinə uyğun olaraq seçilmiş sortlar dövlət qeydiyyatına alınacaq.