REGİONLAR
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
Göyçay, 22 noyabr, AZƏRTAC
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub. Yığıncaqda rayon rəhbərləri, partiya veteranları və fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
YAP rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə partiyanın yaranma tarixinə həsr olunan videoçarx nümayiş etdirilib. Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov çıxışında partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətindəki xidmətlərindən bəhs edib.
YAP rayon təşkilatı gənclər birliyinin sədri Tural Əhmədov, partiya fəalları Nuranə Həbibullayeva, Ləman Qədirova çıxış edərək, respublikamızda qazanılan sosial-iqtisadi nailiyyətləri partiyanın indiki rəhbəri, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməsinin məntiqi nəticəsi kimi qiymətləndiriblər.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək, ötən əsrin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycanda çox çətin və ağır günlərin yaşandığı bir vaxtda xilaskar kimi xalqın səsinə səs verən Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının dövlət quruculuğunda, ölkənin inkişafında xidmətlərindən danışıb. Vurğulayıb ki, bütün təşkilatçılığı, səfərbəredici missiyanı öz üzərinə götürən Yeni Azərbaycan Partiyası çətin, şərəfli vəzifəni uğurla yerinə yetirib. Artıq o vaxtdan 27 il ötür. Yeni Azərbaycan Partiyası sınaqlardan çıxan, böyük və şərəfli yol keçən, bu gün Azərbaycan cəmiyyətində özünə layiqli yer tutan bir partiyadır.
Tədbirdə partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə vəsiqələri təqdim olunub.