REGİONLAR
Göyçayda gənclərin “Göyçay süd” ASC-nin emal zavoduna infoturu təşkil olunub
Göyçay, 11 oktyabr, AZƏRTAC
Göyçayda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyi tərəfindən irəli sürülən “Təcrübə üçün səfər et” layihəsi həyata keçirilib. Layihə regiondan olan tələbə, məzun və işaxtaran gənclərin iştirakı ilə reallaşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində gənclərin “Göyçay süd” ASC-nin emal müəssisəsinə infoturu təşkil edilib. Burada gənclər zavodun laboratoriyası, emal və qablaşdırma sexləri ilə tanış olublar. Mütəxəssislər onlara zavodun istehsal prosesləri barədə ətraflı məlumat verib, habelə gəncləri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, “Təcrübə üçün səfər et” layihəsi gənclərin gələcək iş həyatları üçün təcrübələrini artırmaq, onları regiondakı müxtəlif iş prosesləri və vakansiyalarla tanış etməklə karyeralarına töhfə vermək məqsədi ilə keçirilir. Layihə çərçivəsində ayrı-ayrı dövlət və qeyri-dövlət müəssisələrinə səfərlər təşkil olunur.