REGİONLAR
Göygöl Olimpiya İdman Kompleksi voleybol üzrə Avropa çempionatının oyunlarına hazırdır
Göygöl, 22 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Bu gün Göygöl Olimpiya İdman Kompleksində qadınlar arasında voleybol üzrə Avropa çempionatının “D” qrupu üzrə oyunları start götürəcək.
Füsunkar təbiəti və əsrarəngiz mənzərəsi ilə tanınan Göygöl rayonu qarşıdakı 3 gündə Avropa voleybolunun mərkəzlərindən birinə çevriləcək. Bu vaxtadək bir sıra müxtəlif beynəlxalq və yerli əhəmiyyətli yarışların, həmçinin təlim-məşq toplanışlarının keçirildiyi Göygöl Olimpiya İdman Kompleksi ilk dəfə olaraq qitə çempionatının final mərhələsinə ev sahibliyi edəcək.
Bu məqsədlə idman kompleksində oyunların keçiriləcəyi zalda yenidənqurma işləri aparılıb. Tribunalarda oturacaqların sayı artırılaraq Avropa Voleybol Konfederasiyasının tələblərinə uyğunlaşdırılıb. Əvvəlcə 800 yerlik olan məkan yeni oturacaqlar quraşdırıldıqdan sonra 2 min 100 tamaşaçı tutumuna çatdırılıb. Eyni zamanda, zalda yeni işıqlandırma sistemi quraşdırılıb, yarışa aid məlumatları əks etdirən banerlər asılıb.
Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Təranə Cəfərova AZƏRTAC-a müsahibəsində deyib: “Artıq işlərimiz yekunlaşıb. Zal oyuna tam hazırdır. Komandalar da gəliblər. Həmçinin xaricdən gələn qonaqlarımız da buradadırlar. Demək olar ki, yarışa tam hazırıq. Biz federasiya adından bütün Göygöl və Gəncə əhalisini bu oyunlarda fəal iştirak etməyə çağırırıq. İnanırıq ki, onlar tribunaları tam şəklidə dolduracaqlar”.
Qeyd edək ki, Serbiya, Çexiya, Niderland və Belçika komandalarının yer aldığı “D” qrupunda hər oyun günü 2 qarşılaşma keçiriləcək. Açılış günü - sentyabrın 22-də saat 17:00-da ilk olaraq Serbiya və Çexiya komandaları üz-üzə gələcək. Saat 20:00-da isə Niderlandla Belçika yığmaları öz aralarında qalibi müəyyənləşdirəcəklər.