REGİONLAR
Göygölə 1500 körpə forel balığı buraxılıb
Göygöl, 17 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə Göygöl Milli Parkındakı yeni keçid məntəqəsinə baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni keçid məntəqəsinin istifadəyə verilməsində məqsəd turistlərin milli parka girişində növbənin yaranmaması və nəzarətin təşkil edilməsidir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son dövrlərdə Göygöl Milli Parkına marağın artması burada bir sıra yeniliklər etməyi vacib edib.
“Bu il milli parka daxil olan turistlərin sayı 162 mindən çox olub ki, bu da ötən illərlə müqayisədə xeyli artıqdır. Milli parka turist axınını nəzərə alaraq onların giriş-çıxış prosesində ləngiməməsi və daha rahat bu xidmətlərdən istifadə etməsi üçün yeni keçid məntəqəsini istifadəyə verdik. Bu tendensiya digər milli parklarımızda da tətbiq olunacaq,”- deyə F. Əliyev bildirib.
Daha sonra ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, təbii su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə Göygöl Milli Parkı ərazisindəki təbii sututarlara balıq körpələrinin buraxılışı həyata keçirilib, 1500 körpə qızılxallı farel balığı Göygöl gölünə buraxılıb.
Diqqətə çatdırılıb ki, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə 2021-ci il ərzində təbii su hövzələrinə 6 milyon 500 min balığın buraxılması nəzərdə tutulub.
Xidmət rəsmisinin sözlərinə görə, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı oktyabrın sonunadək davam edəcək.