CƏMİYYƏT


Gözdən əlilliyi olan şəxslərin mənzillə təminatına xüsusi dövlət qayğısının növbəti ifadəsi

Bakı, 12 iyun, AZƏRTAC

Ölkəmizdə gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin bir istiqaməti də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Prezident İlham Əliyevin 2019-cu il 11 iyun tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşların mənzillə təminatına xüsusi qayğının növbəti göstəricisi olmaqla, bu istiqamətdə növbəti addımın atılmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Sərəncam Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 300 min manat vəsait ayrılmasını nəzərdə tutur. Bu il müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanılacaq.

Binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq. Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, həmin təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.

Gözdən əlilliyi olanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan biri kimi, Bakının Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi tikilərək istifadəyə verilib. Heydər Əliyev Fondunun müvafiq layihəsi çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində gözdən əlilliyi olanların və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadə imkanlarına malik olması üçün Regional İnformasiya Mərkəzləri yaradılıb.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər aylıq sosial müavinət və ya əmək pensiyası ilə təmin olunurlar. Həmin müavinət və ya əmək pensiyası ilə yanaşı, I qrup gözdən əlilliyi olanlara Prezidentin aylıq təqaüdü ödənilir. Dövlət başçısının 2019-cu il 15 aprel tarixli Fərmanı ilə I qrup gözdən əlilliyi olanlara qulluq edənlər üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü də təsis edilib. Pensiya qanunvericiliyində I qrup əlilliyi olanlar (o cümlədən gözən əlilliyi olanlar) üçün tələb olunan sığorta stajı ilə bağlı, habelə pensiyanın hesablanmasında güzəştlər nəzərdə tutulub.

Həmin kateqoriyadan olanların məşğulluq imkanlarının və əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə də müvafiq işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.