ORDU
“Güclü dövlətin güclü ordusu olmalıdır” adlı sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb
Bakı, 24 iyun, AZƏRTAC
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyinin və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan “Güclü dövlətin güclü ordusu olmalıdır” adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında keçirilən plakat üslublu əsərlərdən ibarət sərgi-müsabiqəsinə yekun vurulub .
AZƏRTAC xəbər verir ki, aprelin 23-dən elan edilən sərgi-müsabiqənin məqsədi Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, istedadlı uşaq, yeniyetmə və gənclərin xüsusi istedad və bacarıqlarının nümayiş etdirilməsi, hərbi kollektivdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılmasıdır.
Tədbirdə hərbi qulluqçular və onların ailə üzvləri, Rəssamlar İttifaqının və ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.
Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təbliğat İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva çıxışlarında sərgi-müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirərək, yeniyetmələrin dünyagörüşünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Müsabiqəyə təqdim olunan 350-yə yaxın rəsm əsəri, rəngkarlıq, heykəltəraşlıq, dekorativ tətbiqi sənət, qrafika, keramika, bədii toxuculuq, maket və digər əl işləri üzrə sahələrin əsas mövzusu vətənpərvərlik və ordu quruculuğu, dövlətçiliyin əsas atributu olan Azərbaycan Ordusunun güc və qüdrətinin tərənnümü olub. Mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti qalibləri və fərqlənən iştirakçıları müəyyən edib.
Tədbir iştirakçıları Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi maraqlı konsert proqramının müşayiəti ilə sərgi ilə tanış olublar.
Sonda sənət nümunələri sərgilənən yaradıcı iştirakçılara diplomlar və hədiyyələr təqdim edilib.