SİYASƏT
Günay Əfəndiyeva: Türk mədəniyyəti və İrsi Fondunun məqsədi türkdilli ölkələri daha da doğmalaşdırmaqdır VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
Mən çox şadam ki, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanda keçirilir. Çünki Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türk mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib. “Tarixdən gələn multikultural ənənələr, dini və mədəni fərqliliklər Azərbaycanda indi də yaşadılır, müxtəlif xalqların nümayəndələri burada harmoniya şəraitində yaşayır. Düşünürəm ki, bu təcrübəni bütün dünyaya çatdırmaq lazımdır. Biz multikultural ənənələrimizə görə digər ölkələrə nümunə ola bilərik”, - deyə o vurğulayıb.
Türk mədəniyyəti və İrsi Fondunun məqsədinin türkdilli ölkələri daha da doğmalaşdırmaq olduğunu qeyd edən G.Əfəndiyeva türk xalqlarının mədəniyyəti, ədəbiyyatı və incəsənəti haqqında məlumatların dünyaya çatdırmağın vacibliyini diqqətə çatdırıb. O, rəhbəri olduğu fondun yaxın gələcəkdə bununla bağlı bir sıra layihələr və tədbirlər həyata keçirəcəyini bildirib.